Aprelin 10-da Bakıda keçirilən “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Azərbaycan Dillər Universitetinə (ADU) Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) "Xarici dil" (ingilis dili) müəllimliyi, "Beynəlxalq münasibətlər" və "Tərcümə" (ingilis dili) təhsil proqramları üzrə ilk dəfə beynəlxalq akkreditasiyadan keçməsi haqqında sertifikat təqdim olunub.
IAAR-ın direktoru Alina Jumaqulova beynəlxalq akkreditasiya sertifikatını ADU-nun rektoru akademik Kamal Abdullaya təqdim edib.
Bu barədə ADU-dan bildirilib.
Xarici Ekspert Komissiyası tərəfindən Azərbaycan Dillər Universitetinin adıçəkilən təhsil proqramlarının IAAR-ın beynəlxalq akkreditasiya standartlarına uyğun hesab olunub. Bu, ADU tarixində bir ilkdir və akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 (beş) illik müddətə verilib.





















