Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı aprelin 21-də Manisa Böyükşəhər Bələdiyyəsi Mədəniyyət, Sənət və Sosial İşlər İdarəsi tərəfindən keçirilən ənənəi "Manisa Mesir Macunu" Beynəlxalq Festivalında (21-26 aprel) iştirak edəcək.

Bu barədə teatrdan məlumat verilib. 

Milli Gənc Tamaşaçılar Teatrı festivalda “Bir dəlinin qeydləri” monotamaşası ilə təmsil olunacaq.

Rus yazıçısı Nikolay Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanan monotamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Səhnə əsərində Poprışşin obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırır.

Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

Qeyd edək ki, Əməkdar artist Şövqi Hüseynov “Bir dəlinin qeydləri” monotamaşası ilə indyədək Moldova, Almaniya, İran, Albaniya və s. ölkələrdə festivallarda uğurla çıxış edib.