Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) ölkəmizdə səfərdə olan professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib.

Tədbir iştirakçılarını salamlayan MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin son illərdə böyük inkişaf yolu keçdiyini bildirib. Qeyd edib ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bədii kollektivlərin, sənətçilərin, elm və ədəbiyyat xadimlərinin mütəmadi səfərləri qardaş xalqlarımızı daha da yaxınlaşdırır.

Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə çıxışında iki ölkə arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini deyib. Bildirilb ki, bu görüş Azərbaycan və Özbəkistan musiqiçiləri arasında yeni körpülərin qurulmasına vəsilə olacaq.

MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə gerçəkləşən görüşdə çıxışlardan sonra bədii proqram təqdim olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov) tərəfindən musiqi nömrələri səsləndirilib.

Həmçinin ÖDK-nın professorları Bahadır Mirpayazov, Ruzbi Xocayeva, İlham İkramov və onların tələbələri özbək musiqi nümunələrini ifa ediblər.

Azərbaycan və özbək musiqiçilərinin birgə ifasında səslənən “Qaragöz boy-boy” mahnısı böyük maraq və alqışlarla qarşılanıb.

Sonda Özbəkistan musiqiçilərinə Azərbaycanın qədim zərb alətlərindən olan qaval və dəf hədiyyə edilib, xatirə şəkli çəkdirilib.