Aprelin 9-da Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejissor və aktyor Ceyhun Mirzəyevin (1946–1993) 80 illik yubileyi münasibətilə xatirə axşamı təşkil edilib.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi də açılıb.
Xatirə axşamını Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Ceyhun Mirzəyevin bu məkanda dəfələrlə keçirilmiş yubiley tədbirlərini yada salıb.
Xalq artistləri – kinorejissor Vaqif Mustafayev, aktyorlar Hacı İsmayılov, Xalidə Quliyeva, Şamil Süleymanlı, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar artist Suğra Bağırzadə, uşaq yaşlarında “Ögey ana” filmində aktyorun tərəf-müqabili (Cəmilə) olmuş Sevinc Axundova xatirələrini bölüşüblər.
Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədovun xatirələri videoçıxış vasitəsilə tamaşaçılara çatdırııb.
Tədbirdə rejissor Tofiq Tağızadənin 1960-cı ildə "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi və 2019-cu ildə “BALANS” rəqəmsal bərpa studiyasında bərpa olunmuş "Matteo Falkone" qısametrajlı filmi nümayiş etdirilib. Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan filmdə baş rollardan birini – uşaq obrazını (Fortunato) Ceyhun Mirzəyev canlandırıb.
“BALANS” studiyasının rəhbəri Vahid Mustafayev filminin bərpası və “VMF” şirkəti tərəfindən Ceyhun Mirzəyevin xatirəsinə məxsusi buraxılmış hədiyyələr haqqında məlumat verib. Hədiyyələr Ceyhun Mirzəyevılə müxtəlif filmlərdə çalışmış kino xadimlərinə təqdim edilib.

























