Beynəlxalq Muğam Mərkəzində müxtəlif müsabiqələr laureatı, “Üzeyir Hacıbəyli mükafatı”nın qalibi, zərb alətlərinin mahir ifaçısı Cəfər Həsənovun “Nağaranın sədası” adlı solo konserti olub.

Konsertdə Cəfər Həsənovu “Qobustan” ritm qrupu müşayiət edib.

Gecədə Əməkdar artistlər – kamança ifaçısı Xəyyam Məmmədov, qanun ifaçısı Çinarə Mütəllibova, eləcə də digər tanınmış musiqiçilər – Rəvan Qaçayev, Hüseynağa Aslanov, Nicat Aslanov, İsmayıl Zülfüqarov, Emin Eminli və İdris Tağıyev iştirak ediblər.

Konsertdə “Cəngi” kompozisiyası, Ramiz Mirişlinin “Arazın mahnısı”, “Qara qaşın vəsməsi”, “Gül açdı” xalq mahnıları və şanlı qələbəmizə həsr olunan “Yurd” kompozisiyası səsləndirilib.

Proqramdan sonra çıxış edən Xalq artisti, professor Ağaverdi Paşayev, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru Mustafa Aşurov və ansamblın instrumental heyətinin musiqi rəhbəri Mahir Ordubadi Cəfər Həsənovu təbrik edərək, ona yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıblar.

Vurğulanıb ki, Cəfər Həsənov ustad sənətkarların izi ilə inamla irəliləyir, milli musiqi ənənələrimizi layiqincə yaşadır və özünəməxsus ifa tərzi ilə seçilir.