Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində gənc vokalçı, "İRƏLİ” İctimai Birliyinin baş katibi, "Bakı İctimai Xoru"nun təsisçisi Riad Ağanın “Oyan, bülbül” adlı solo konserti olub.

Onu pianoda Cəlal Səmədov və Aydan Yeşildağ müşayiət ediblər.

Konsertdən əvvəl çıxış edən Azərbaycan Milli Konservatoriyasının Tələbə elmi cəmiyyətinin sədri, musiqişünas Zeynəb Bağır “Muzeydə musiqi” layihəsinin əhəmiyyəti və Riad Ağanın həm yaradıcı, həm də ictimai fəaliyyəti barədə danışıb.

Qeyd edib ki, Riad Ağa səhnə fəaliyyəti ilə kifayətlənməyən, eyni zamanda musiqi mədəniyyətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması istiqamətində fəal rol oynayan sənətçilərdəndir. Onun vokal üslubu, səhnə mədəniyyəti və ifa etdiyi repertuarın seçimi isə ifaçı kimi peşəkarlığını və musiqiyə olan həssas yanaşmasını nümayiş etdirir. 

Konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Oqtay Kazımi, Rəşid Nəsiboğlu və Sevda İbrahimovanın müxtəlif əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.