Aprelin 7-də Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı mənzil-qərargahında Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin “Polşa-Litva tatarları Azərbaycanda” kitabının təqdimatı keçirilib. Əsər "Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının yeni nəşridir.

Kitabda Polşa-Litva tatarlarının Azərbaycan tarixində, xüsusilə də Xalq Cümhuriyyəti dövründə oynadıqları mühüm rol geniş tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova bildirib ki, təşkilat yalnız Türk dünyasında deyil, dünyanın müxtəlif guşələrində yaşayan türk xalqlarının mədəni irsinin təbliği istiqamətində layihələr həyata keçirir. Ədəbiyyatşünas-alim, diplomat Vilayət Quliyevin qələmə aldığı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən bu kitab Litva və Polşa ilə mədəni əlaqələrinin gücləndirilməsi, eləcə də həmin ölkələrdə yaşayan türksoylu xalqların tarixi irsinin təbliği istiqamətində atılan addımların davamıdır.

“Türk Mədəniyyəti və İrsi Fondu son iki il ərzində beş yeni kitab seriyası təsis edib. "Türk dünyasının diplomatiya inciləri" seriyasından çap olunan ilk iki kitab tarix elmləri doktoru Həsən Həsənovun "Macar-Azərbaycan ortaq etnik kökləri" və Vilayət Quliyevin "Polşa-Litva tatarları Azərbaycanda" əsərləridir. Fond olaraq biz diplomatik irsimizin qorunmasına və təbliğinə xüsusi önəm veririk. Çünki diplomatik münasibətlərin inkişafı eyni zamanda mədəni əlaqələrin güclənməsinə də mühüm töhfə verir,” – deyə Aktotı Raimkulova qeyd edib.

Tarix elmləri doktoru, ictimai-siyasi xadim, Azərbaycanın Polşada səfiri olmuş Həsən Həsənov kitabın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, kitab Polşa ilə Azərbaycanın mədəni və elmi əlaqələrinə, eyni zamanda Azərbaycana ürəkdən bağlı olan şəxslərin fəaliyyətinə həsr olunub. Bu, mühüm bir təşəbbüsdür, çünki tarixi əlaqələr və xalqlar arasında mövcud olan dostluq daha dərindən araşdırılmalı və təqdim edilməlidir.

Xalq yazıçısı, akademik Kamal Abdulla vurğulayıb ki, bu əsər Azərbaycan ilə Polşa-Litva tatarları arasında tarixi-mədəni bağların elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, kitab bu əlaqələrin daha dərindən öyrənilməsinə və yeni elmi yanaşmaların formalaşmasına geniş imkanlar yaradır.

Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər çıxış edənlər əsərin tarixi yaddaşın qorunması, Azərbaycan-Polşa-Litva mədəni əlaqələrinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onların sözlərinə görə, Polşa-Litva tatarlarının Azərbaycanla bağlı tarixi əlaqələrinin elmi əsaslarla araşdırılması həm akademik mühit, həm də geniş ictimaiyyət üçün xüsusi dəyər kəsb edir və gələcək tədqiqatlara geniş imkanlar açır.

Kitabın müəllifi Vilayət Quliyev bildirib ki, əsərin yazılmasında əsas məqsəd Polşa-Litva tatarlarının Azərbaycan tarixi ilə bağlı izlərini sistemli şəkildə araşdırmaq, bu əlaqələrin müxtəlif dövrlərdə necə formalaşdığını elmi mənbələr və arxiv materialları əsasında üzə çıxarmaqdır.