Aprelin 1-də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində “Sənətkardan incilər” layihəsi çərçivəsində Əməkdar artist, dosent, Özbəkistanın mədəniyyət səfiri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadə ilə görüş təşkil edilib.
Əvvəlcə məktəbin tar ixtisası üzrə müəllimi olmuş şəhid Rauf Əliyevin barelyefi önünə gül qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə Sahib Paşazadə tar ifaçılıq sənətimizin inkişaf tarixindən söhbət açıb, müasir dövr ifaçılıq məktəbi və ənənələrin qorunması mövzusunda fikirlərini bölüşüb.
Şagirdlər sənətkara keçdiyi yaradıcılıq yolu, iştirak etdiyi konsertlər, səfərləri barədə suallar veriblər.
Tarzən muğamların ifa xüsusiyyətləri ilə bağlı təcrübəsindən bəhs edib, şagird və müəllim heyətinin suallarını cavablandırıb.
Məktəb kollektivi tərəfindən böyük maraqla qarşılanan görüşdə Sahib Paşazadənin tanınmış tarzən olaraq Azərbaycan musiqisinə, muğam və xalq çalğı alətlərinin ifaçılığına verdiyi töhfələr qeyd edilib.
Sonda müəllim və şagirdlərin ifasında musiqi nömrələri təqdim olunub.
Virtuoz tarzən şagirdlərə faydalı tövsiyələr verib, kollektivi Beynəlxalq Muğam Mərkəzində keçirilən ustad dərslərinə, sənətkarlarla görüşlərə, konsertlərə dəvət edib.
Məktəbin direktoru Cavidan Nəbiyev görüşdə iştirakına görə Sahib Paşazadəyə minnətdarlığını bildirib. Qonağa təşəkkürnamə və kollektiv adından hədiyyə təqdim edib.
Qeyd edək ki, Sahib Paşazadə bundan əvvəl də dəfələrlə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində ustad dərsi və yaradıcılıq görüşlərində iştirak edib.
























