Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindəki teatr kollektivləri ilə əməkdaşlıq edərək “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir.
Vətən müharibəsində tarixi Zəfərin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci tədbiri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həyata keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı – Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev çıxış edərək, hər iki teatrın tarixi, repertuarı, iştirak etdiyi festivallar haqqında məlumat verib.
Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist İntiqam Soltan və Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev “Addım-addım Vətəndə” layihəsi haqqında danışıblar.
Proqramda Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında musiqi nömrəsi, “İşaxtaran qız” tamaşasından bir hissə, Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Sevgi şimşəyi”, "Arvadım olun" tamaşalarından parçalar, Tofiq İsgəndərlinin təqdimatında illüziya nömrələri nümayiş olunub.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı tərəfindən Qazax Dövlət Dram Teatrına təşəkkürnamə təqdim edilib. Həmçinin Qazax Dövlət Dram Teatrı adından Bakı Uşaq və Gənclər Teatrına layihənin yüksək səviyyədə təşkilinə görə təşəkkürnamə verilib.
Qeyd edək ki, “Addım-addım Vətəndə” layihəsi bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı, Gəncədə Gəncə Dövlət Milli Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə sənət mövsümünün sonunda Bakıda bölgə teatrlarının qatılacağı festivalla yekun vurulacaq.

























