F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş silsilə tədbirlər aprelin 3-də davam edib.

Paytaxtdakı “Kaspi”, “Ankara” liseyləri, 265 və 194 nömrəli ümumtəhsil məktəbləri, həmçinin 1 nömrəli uşaq evi sosial xidmətlər şöbəsinin şagirdləri tanınmış yazarlar – Mehriban Nağıyeva, Gülzar İbrahimova, Çinarə Köçərli, Əfsanə Rəhimli və Reyhan Yusifqızı ilə görüşmək imkanı qazanıblar.

Yazıçılar öz yaradıcılıqları, kitabları barədə məlumat verib, uşaqların suallarını cavablandırıblar. Səmimi ünsiyyət iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Uşaqların fəallığını artırmaq məqsədilə müxtəlif interaktiv fəaliyyətlər təşkil edilib. Şagirdlər sevdikləri kitablar haqqında fikirlərini bölüşüb, müxtəlif hədiyyəli oyunlar keçirilib. Bu cür fəaliyyətlər uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına və onların özünüifadə bacarıqlarının gücləndirilməsinə müsbət təsir göstərir.

Eyni zamanda iştirakçılar kitabxananın zəngin kitab fondu ilə tanış olub, müasir və klassik uşaq ədəbiyyatı nümunələri barədə məlumat əldə ediblər.

Belə tədbirlərin keçirilməsi uşaqların intellektual inkişafına dəstək olmaqla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili və kitaba olan marağın daha da artırılması baxımından əhəmiyyət kəsb edir. Respublika Uşaq Kitabxanası tərəfindən bu istiqamətdə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.