Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsi, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində görüş keçirilib.
AzMİU-dan bildirilib ki, görüşdə dövlət qurumlarının, özəl sektorun və müxtəlif sənaye sahələrini təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbiri açan AzMİU-nun Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri Könül Ağayeva bildirib ki, universitetin təşəbbüsü ilə aparılan müraciətlər nəticəsində 23 qurumdan 38 ixtisas üzrə əməkdaşlıq təklifləri formalaşıb. Qeyd edib ki, bu təşəbbüs ali təhsilin praktik biliklərlə zənginləşdirilməsi, tədris proqramlarının müasirləşdirilməsi və əmək bazarının real tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyır.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxışında universitetin inkişaf strategiyasında təhsil keyfiyyətinin artırılmasının prioritetlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin missiyası yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda, praktik bacarıqlara malik, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını tələb edir. Bu məqsədlə universitetlə real sektor arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Rektor həmçinin vurğulayıb ki, işəgötürənlərin və sahə üzrə mütəxəssislərin tədris prosesinə cəlb olunması proqramların daha çevik və praktik əsaslarla yenilənməsinə imkan yaradır. Onun sözlərinə görə, ekspert rəyləri təhsil proqramlarının qiymətləndirilməsi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsində mühüm rol oynayır və bu istiqamətdə aparılan işlər tələbələrin real iş mühitinə uyğun bilik və bacarıqlarla yetişdirilməsinə xidmət edir.
Tədris işləri üzrə prorektor professor Akif Qasımov bildirib ki, monitorinq və qiymətləndirmə prosesinin şəffaf və obyektiv həyata keçirilməsi məqsədilə ekspert rəyləri sistemli şəkildə təhlil edilərək tədris prosesinə inteqrasiya olunacaq.
Tədbirdə çıxış edən ekspertlər AzMİU-da həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirərək, universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin ali təhsildə keyfiyyət təminatı sisteminin gücləndirilməsinə, proqramların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və müasir kadr hazırlığının təmin olunmasına mühüm töhfə verdiyini qeyd ediblər. Eyni zamanda, onlar gələcəkdə AzMİU ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.





















