Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə 2 aprel – Dünya Autizm və Məlumatlandırma Gününə həsr olunan tədbir keçirilib.
Kollecin direktoru Nasim Abışov giriş sözündə autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyindən bəhs edib, bu cür maarifləndirmə tədbirlərinin autizmlə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasında və inklüziv mühitin yaradılmasında mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzunun ictimai əhəmiyyətinə toxunublar. Qeyd edilib ki, autizmli fərdlərin istedadlarının üzə çıxarılması və onlara mənəvi dəstək göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur. İncəsənətin bu sahədə ən güclü ünsiyyət vasitəsi olduğu xüsusilə diqqətə çatdırılıb.
Sonra “Məni dinləyin” adlı monotamaşa nümayiş etdirilib.
Səhnə əsərinin tərtibatında Leyla Əliyevanın “Dünya yuxutək əriyir!” şeirlər toplusundan istifadə olunub. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Fərid Bağırovdur.























