F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub. Bu əlamətdar gün 1967-ci ildə Uşaq Kitabları üzrə Beynəlxalq Şura (IBBY – International Board on Books for Young People) tərəfindən təsis edilib. Məqsəd uşaqların kitaba marağını artırmaq, uşaq ədəbiyyatını təşviq etmək və dünya xalqları arasında mədəni körpülər yaratmaqdır. 

Kitabxanadan verilən məlumata görə, tədbirdə “İdrak” liseyi, “İndigo” uşaq bağçası, eləcə də 7, 143, 172 və 177 nömrəli ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək bildirib ki, Beynəlxalq Uşaq Kitabı Günü uşaqların kitabla dostluğunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Qeyd edib ki, kitabxana tərəfindən hər il bu günün qeyd olunması uşaqların mütaliəyə marağını artırmaqla yanaşı, onların dünyagörüşünün zənginləşməsinə xidmət edir.

Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət sərgi nümayiş olunub. Nağıllar, hekayələr, ensiklopediyalar və digər maarifləndirici nəşrlər şagirdlərin böyük marağına səbəb olub. 

Uşaqların tanınmış yazarlar – Bəhram Bağırzadə,  Lalə Umud, Elnarə Cahan, Elvira Məmmədova, Humayun Sevinc və rəssam Fuad  Manafov ilə görüşləri də günün yaddaqalan məqamları olub.

Müəlliflər öz yaradıcılıqları haqqında məlumat verib, uşaqların suallarını cavablandırıblar. Səmimi və interaktiv mühitdə baş tutan görüş şagirdlər üçün həm maarifləndirici, həm də ilhamverici təcrübəyə çevrilib.

Bu cür tədbirlərin keçirilməsi uşaqlarda kitab oxumağa marağın artırılmasına, onların mütaliə vərdişlərinin formalaşdırılmasına və yaradıcı düşüncə qabiliyyətlərinin inkişafına mühüm töhfə verir. Yazıçılarla birbaşa ünsiyyət isə uşaqlara yaradıcılıq prosesini yaxından tanımaq imkanı yaradır, onları yeni ideyalar axtarmağa və özlərini ifadə etməyə həvəsləndirir.

Beynəlxalq Uşaq Kitabı Günü bir daha xatırladır ki, kitab uşaqların dünyanı anlamaq, xəyal gücünü genişləndirmək və gələcəyin savadlı, düşünən fərdləri kimi formalaşmaq yolunda ən dəyərli vasitələrdən biridir.