Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aprel ayı repertuarı uzun illərdir səhnədə olan, həmçinin yeni səhnə həyatı qazanan maraqlı tamaşalarla zəngindir.

Teatr aprelin ilk həftəsində sənətsevərlərə “Ledi Maqbet” (3 aprel), “Aydın” (4 aprel), “Müfəttiş” (5 aprel) tamaşalarını təqdim edəcək.

“Aydın” uzun illərdən sonra Akademik Milli Dram Teatrının səhnəsinə qayıdıb. Premyerası 19 martda olan tamaşaya Xalq artisti Firudin Məhərrəmov quruluş verib.

Xatırladaq ki, Cəfər Cabbarlının məşhur dramı indiyədək müxtəlif teatrlarda dəfələrlə səhnəyə qoyulub. Akademik Milli Dram Teatrında tamaşaçılar axırıncı dəfə bu əsərə mərhum Xalq artisti Mikayıl Mirzənin quruluşunda baxıblar. Hazırda “Aydın” Milli Gənc Tamaşaçılar Teatrının və Akademik Rus Dram Teatrının repertuarındadır.

Ayın ikinci həftəsində teatrsevərləri “Ah, bu uzun sevda yolu” (9 aprel), “Dantenin yubileyi” (10 aprel), “Ləng: zamanla yarışan insan” (11 aprel) və “Ölülər” (12 aprel) gözləyir.

“Ləng: zamanla yarışan insan” tamaşası da Akademik Milli Dram Teatrının repertuarına yeni daxil olub. Qüdrətli hökmdar və sərkərdə Əmir Teymurun həyat və döyüş yolundan, Türk dünyasında milli özünüdərk ideyasından bəhs edən tamaşa Mədəniyyət Nazirliyinin “Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibi Pərviz Seyidlinin əsəri əsasında hazırlanıb. İlk nümayişi Milli Teatr Günündə (10 mart) olan səhnə əsərinə Əməkdar artist Bəhruz Vaqifoğlu quruluş verib.

Bundan əlavə, aprel ayında Akademik Milli Dram Teatrının səhnəsində “Cəhənnəm sakinləri” (18 aprel), “Qətibə İnanc” (19 aprel), “Xurşidbanu Natəvan” (23 aprel), “Varlı qadın” (24 aprel), “Şükriyyə” (25 aprel) və “Sənsiz” (26 aprel) tamaşaları da olacaq.