Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərinin (2-5 aprel 2016-cı il) 10-cu ildönümü tamam olur.

Milli Kitabxanada Aprel döyüşlərinin tarixi əhəmiyyətini ictimaiyyətə çatdırmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və şəhidlərimizin xatirəsinə böyük ehtiram göstərmək məqsədilə elektron məlumat bazası, virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

“Aprel döyüşləri” adlı elektron bazada (https://anl.az/el/emb/aprel_doyusleri/index.html) sistemləşdirilmiş tammətnli resurslar “Rəsmi sənədlər”, “Dördgünlük müharibə”, “Aprel şəhidləri”, “Kitablar”, “Məqalələr”, “Aprel döyüşlərinin xatirəsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

“Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı” adlı virtual sərgidə (https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm) Lələtəpə, Talış yüksəklikləri və digər strateji yüksəkliklərin işğaldan azad olunması, Lələtəpə fatehlərinin qəhrəmanlıqları haqqında dövri mətbuat məqalələri, müxtəlif dillərdə ədəbiyyatlar, fotolar nümayiş olunur.

“Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı ənənəvi kitab sərgisində isə Azərbaycan Ordusunun tarixi Zəfəri, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolu haqqında ədəbiyyatlar, dövri mətbuat məqalələri və fotolar nümayiş olunur.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalırıb və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb.

Tarixə Aprel döyüşləri kimi düşən dördgünlük müharibədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Ağdərə rayonunun Madagiz (Suqovuşan) kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub.

Aprel döyüşləri Azərbaycanın qəhrəman ordusunun hazırlığını, əsgərlərin igidliyini və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strateji baxışını göstərərək gələcək böyük Zəfərə yol açıb. 2020-ci ilin, 44 günlük müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında otuzillik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.