Bakı Xoreoqrafiya Akademiyası “Mədəniyyət Konsepsiyası 2040” çərçivəsində öz missiyasını necə görür? 

Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Azərbaycan Respublikasının Əməkdar artisti Nailə Məmməd-Zadə ilə müsahibə


Nailə xanım, “Mədəniyyət Konsepsiyası 2040” anlayışını necə dəyərləndirirsiniz? Bu konsepsiya Azərbaycan mədəniyyətinin strateji inkişafında hansı fundamental rolu oynayır?

“Mədəniyyət Konsepsiyası 2040” mənim üçün sadəcə uzunmüddətli inkişaf sənədi deyil, bu, milli yaddaşın, estetik düşüncənin və yaradıcılıq potensialının gələcəyə ötürülməsi üçün ideoloji və institusional yol xəritəsidir. Mədəniyyət hər bir xalqın özünüidentifikasiyasının əsas sütunudur və 2040-cı ilə baxış bu sütunun həm qorunmasını, həm də müasir çağırışlara uyğun şəkildə yenidən formalaşdırılmasını tələb edir.

Bu konsepsiya milli irsin mühafizəsi ilə yanaşı, mədəniyyətin innovativ iqtisadiyyat, rəqəmsal texnologiyalar və qlobal mədəni mübadilə sisteminə inteqrasiyasını hədəfləməlidir. Bu yanaşmada prioritet istiqamət ənənəvi dəyərlərə bağlılıqla innovativ düşüncə arasında balansın təmin edilməsidir.

 

Xoreoqrafiya və səhnə sənətləri kontekstində 2040-a qədər hansı əsas transformasiyalar qaçılmaz görünür?

Xoreoqrafiya artıq təkcə fiziki ifadə forması deyil o, fəlsəfi düşüncənin, sosial mesajın və texnoloji imkanların sintezidir. 2040-cı ilə qədər biz xoreoqrafiyanın multidissiplinar sahəyə çevrildiyini daha aydın görəcəyik.

Rəqəmsal səhnə dizaynı, süni intellektlə əməkdaşlıq, virtual və artırılmış reallıq elementləri, eləcə də bədən fəlsəfəsinin yeni oxunuşları bu sahənin əsas istiqamətlərindən olacaq. Lakin bu kontekstdə vacib olan texnologiyanın sənətə xidmət edən funksiyasını qoruması və sənətin texnoloji dominantlıq altında zəifləməməsidir.

 

Bakı Xoreoqrafiya Akademiyasının “Mədəniyyət Konsepsiyası 2040” çərçivəsində missiyası nədən ibarət olmalıdır?

Akademiyanın əsas missiyası gələcəyin sənətkarını təkcə peşəkar icraçı kimi deyil, düşünən, analiz edən, mədəni proseslərdə yaxından iştirak edən yaradıcı şəxsiyyət kimi formalaşdırmaqdır.

2040 vizyonunda Bakı Xoreoqrafiya Akademiyası:

milli xoreoqrafiya məktəbinin elmi əsaslarının möhkəmləndirilməsi,

beynəlxalq təhsil standartlarına uyğun tədris proqramlarının tətbiqi, 

elmi araşdırmaların bədii yaradıcılıqla əlaqələndirilməsi, 

mədəni diplomatiyada aktiv iştirak

kimi istiqamətlərdə aparıcı rol oynamalıdır. Biz yalnız səhnəyə çıxan rəqqaslar deyil, mədəniyyət siyasətini formalaşdıran intellektual kadrlar yetişdirməliyik.

 

Milli kimlik məsələsi qloballaşan mədəni mühitdə necə qorunmalı və ötürülməlidir?

Milli kimlik statik anlayış olmayıb, canlı, inkişaf edən və daim yenidən şərh olunan sosial-mədəni prosesdir. Qloballaşma milli kimliyi zəiflətmir, əksinə, onu daha şüurlu şəkildə təqdim etməyə məcbur edir.

Xoreoqrafiya sahəsində bu yanaşma milli rəqslərin hərəkət dilinin müasir səhnə quruluşu üsulları ilə uyğunlaşdırılmasını, xalq rəqs plastikasının elmi əsaslarla öyrənilməsini və bu irsin beynəlxalq səviyyədə peşəkar şəkildə təqdim olunmasını nəzərdə tutur. İnsan öz milli kimliyini dərindən dərk etdikdə, onu beynəlxalq mühitdə açıq və inamlı şəkildə təqdim etmək imkanına malik olur.

 

Mədəniyyət təhsilində insan kapitalının inkişafı konsepsiyanın hansı əsas prioritetlərindən biri olmalıdır?

Mədəniyyətin əsas daşıyıcısı insandır. İnfrastruktur, səhnələr, layihələr – bunların hamısı ikinci dərəcəlidir. Əsas məsələ düşünən, mədəni-əxlaqi öhdəlik daşıyan, estetik zövqü formalaşmış şəxsiyyət yetişdirməkdir.

2040 perspektivində mədəniyyət təhsilində:

müəllimlərin davamlı inkişafı,

elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması,

beynəlxalq akademik mobillik,

liderlik və mədəni menecment bacarıqları

prioritet istiqamətlər kimi ön plana çıxmalıdır.

 

Sonda bir sənət və mədəniyyət xadimi kimi gələcək nəsillərə hansı mesajı vermək istərdiniz?

Mədəniyyət yalnız keçmişin qorunması deyil, həmdə gələcəyin yaradılmasıdır. Gələcək nəsillər bilməlidirlər ki, sənət fədakarlıq, intizam və dərin düşüncə tələb edir.

2040-cı ilə gedən yol yalnız texnoloji inkişafla deyil, mənəvi məsuliyyətlə də ölçülür. Əgər biz sənəti vicdanla yaşadırıqsa, mədəniyyət də bizi gələcəyə sağlam şəkildə aparacaq.