Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayında sənətsevərlərə cari repertuardan maraqlı nümunələrlə yanaşı, növbəti premyeranı da təqdim edəcək.
Teatrın bu ay üzrə repertuarında ötən ilin payızında hazırlıqları başlanan “Mesenat” tamaşası yer alıb. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən səhnə əsərinin premyerası 11-12 aprel tarixlərində nəzərdə tutulub.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Mesenat” pyesi Musiqili Teatrda ilk dəfə səhnələşdirilir. Tamaşanın musiqi müəllifi Əli Əliyev, quruluşçu rejissoru Samir Qulamovdur.
Akademik Musiqili Teatrın aprel ayı repertuarında “Molla Nəsrəddinin beş arvadı” (3 aprel), “Əliqulu bu gün evlənir” (4 aprel), “Bəxtiyar” (5 aprel), “Gülçöhrə və Əsgər” (10 aprel) və s. tamaşalar da var.
Həmçinin truppanın rus bölməsi tərəfindən “Arşın mal alan” (17 aprel), “Sən kralsan” (25 aprel) tamaşaları təqdim olunacaq.





















