Tarixdəki olaylar
2 aprel 1982 – Böyük Britaniya ilə Argentina arasında Folklend (Malvin) adaları uğrunda müharibə başlanıb. 1832-ci ildə Britaniya imperiyasının ərazisi elan edilmiş Folklend adaları Argentinanın dəniz sərhədi (Atlantik okeanı) yaxınlığında yerləşir. Argentinanın adaları özünə birləşdirmək cəhdi uğursuz oldu və müharibə iki ay sonra Britaniyanın qələbəsi ilə başa çatdı.
2 aprel 1992 – Azərbaycan Respublikası Çin Xalq Respublikası, Danimarka və Yunanıstanla diplomatik münasibətlər qurub.
2 aprel 1993 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal edib. 27 ildən artıq işğal altında qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də, Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsinin nəticəsi olaraq azad edildi.
2 aprel 2016 – Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun hissələri əks-həmlə əməliyyatı ilə düşməni məğlubiyyətə uğradıb, Ağdərə və Cəbrayıl rayonları istiqamətində ərazilərin bir hissəsi azad edilib. Strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayılın Cocuq Mərcanlı kəndi sakinlərinin doğma yurda qayıdışı gerçəkləşib. Dörd gün (2-5 aprel) sürən hərbi əməliyyatlar Aprel döyüşləri kimi tarixə düşüb. Bu qalibiyyət dörd il sonra Vətən müharibəsində qazanılacaq tarixi Zəfərin təməli idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 aprel 1805 – Danimarkalı yazıçı, məşhur nağıllar müəllifi Hans Kristian (Christian) Andersen (1805 – 4.8.1875) anadan olub. Yazıçının xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunur. 1967-ci ildə UNESCO nəzdində Uşaq-gənclər üçün ədəbiyyat üzrə Beynəlxalq Şura (IBBY – International Board on Books for Young People) tərəfindən təsis edilib.
2 aprel 1840 – Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının yaradıcılarından Emil Zolya (Emile Zola; 1840 – 29.9.1902) anadan olub.
2 aprel 1870 – Şair, tərcüməçi Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 – 8.8.1956) Bakının Buzovna kəndində doğulub.
2 aprel 1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Məhsəti Gəncəvi”, “Xurşidbanu Natəvan”, “Aşıq Pəri”) və s. əsərlərin müəllifidir.
2 aprel 1932 – Ədəbiyyatşünas, yazıçı, tərcüməçi Xeyrulla Salman oğlu Əliyev (1932–2021) Cəlilabad rayonunun Göytəpə qəsəbəsində doğulub.
Hazırladı: Vüqar Orxan






















