AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elm Gününə (27 mart) həsr olunmuş “Rəqəmsallaşma dövrünün çağırışları: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib.

Bu barədə institutundan məlumat verilib.

Direktor müavini filologiya elmləri doktoru dosent Mehman Həsənli giriş sözündə AMEA Rəyasət Heyətinin Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin, akademiyaya daxil olan institutlarda elektronlaşma işinin təşkili ilə bağlı görülmüş işləri xatırladıb. Deyib ki, müasir dövrdə ənənəvi mediadan sosial mediaya keçid geniş vüsət alıb. M.Həsənli informasiyanın yayılma məsələlərində sosial medianın payının artdığını və alimlərin də bu hərəkatda iştirakının vacibliyini vurğulayıb. 

AMEA Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri dosent Fariz İmranov akademiyanın jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsindən danışıb.

AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşı Elnur Hüseynov akademiyada formalaşan yeni rəqəmsal elmi mühitlə bağlı fikirlərini bölüşüb, alimlərin fəaliyyətinin sosial mediada təbliği ilə bağlı təkliflərini səsləndirib.

Ədəbiyyat İnstitutunun Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva şöbənin fəaliyyət istiqaməti və perspektivləri haqqında danışıb.