Aprelin 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü” mövzusunda seminar keçirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbiri Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov açaraq iki ölkə arasında əlaqələrin son illərdə dinamik inkişaf etdiyini vurğulayıb, humanitar və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd edib.
ADU-nun rektoru akademik Kamal Abdulla Çinə olan maraq və rəğbətin gənclər arasında artdığını söyləyib. Bildirib ki, ADU-da zəngin Çin folkloruna maraq təkcə Konfutsi İnstitutu ilə məhdudlaşmır, digər auditoriyalarda da bu mövzuya geniş yer verilir. O, diqqətə çatdırıb ki, Biləsuvar rayonundakı Mübariz İbrahimov adına məktəb-liseydə şagirdlərin təşəbbüsü ilə Çin dili tədrisinə başlanılması planlaşdırılır.
Rektor əlavə edib ki, universitetdə Çinin zəngin ədəbi irsini öyrənmək istəyən yüzlərlə tələbə və müəllim var. Bu səbəbdən ADU Çin dili üzrə ixtisaslaşmış müəllimlərin cəlb olunmasına və əməkdaşlığın genişləndirilməsinə hazırdır. Diqqətə çatdırıb ki, aprelin 20-də ADU-da Çin dili günü keçiriləcək, tədbirdə Çin musiqisi səsləndiriləcək, milli mətbəx nümunələri təqdim olunacaq. Kamal Abdulla vurğulayıb ki, bu gün Çinin Xudjou Universitetində Azərbaycan dili mərkəzi açılıb və bu təşəbbüs iki ölkə arasında mövcud ehtiyacların ödənilməsinə töhfə verəcək. Rektor Çinin dünya siyasətində artan rolunu yüksək qiymətləndirərək deyib ki, Çin hər zaman Azərbaycanın haqq səsini dəstəkləyib və bu, qürur doğurur.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında münasibətlərin dinamik inkişafını qoruyub saxladığını, böyük və kiçik ölkələr arasında bərabərhüquqlu münasibətlərin və dostluğun nümunəsinə çevrildiyini söyləyib. Qeyd edib ki, iki ölkə liderinin rəhbərliyi altında Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri quraraq ikitərəfli əlaqələrdə yeni mərhələyə qədəm qoyublar.
Diplomat bildirib ki, Azərbaycanda Çin dilini öyrənən tələbələrin sayı 8 mini ötüb. Çinin Pekin Universiteti, Tsinhua Universiteti və Çin Sosial Elmlər Akademiyası kimi beyin mərkəzləri Azərbaycanla bağlı tədqiqatlarla fəal şəkildə məşğul olur. Pekin Xarici Dillər Universitetində 2015-ci ildən Azərbaycan dili ixtisası yaradılıb.
Lu Mey Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığın geniş perspektivlər və böyük imkanlar açdığını vurğulayıb.
Tədbirdə Çinin Xudjou Universitetinin təbrik məktubu da səsləndirilib.
Seminarda Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının dosenti Rəna Rəcəbli və baş müəllimi Fidan Ələsgərova Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələləri, bu əməkdaşlığın regional və qlobal əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
***
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulub. 1992-ci ildə Çin Xalq Respublikasının Bakıda, 1993-cü ildə Azərbaycan Respublikasının Pekində səfirliyi açılıb.























