Naxçıvan Dövlət Universitetində (NDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən verilən məlumata görə, əvvəlcə İncəsənət fakültəsi müəllim və tələbələrinin mövzu ilə bağlı rəsm sərgisinə baxış olub.

Tədbirdə çıxış edən rektor Elbrus İsayev bildirib ki, 1918-ci ilin mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri mərhələli soyqırımı siyasətinin  bir hissəsi idi. Rektor diqqətə çatdırıb ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan fərmanla faciəyə ilk dəfə siyasi qiymət verilib.

Vurğulanıb ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək öz gücünü təsdiq etdi, qazandığımız tarixi Zəfərlə bütün şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının qisası alındı.

Tarix üzrə fəlsəfə doktoru, dosent Abdulla Mustafayev soyqırımı tarixindən bəhs edərək bildirib ki, Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülən ermənilər “Böyük Ermənistan” xülyasını reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart-aprel aylarında Bakı ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Zəngəzur və digər bölgələrdə erməni silahlı birləşmələri minlərlə azərbaycanlını qətlə yetirib, on minlərlə insanı doğma yurdlarından didərgin salıblar.

Anım mərasimində çıxışlardan sonra Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videoçarx nümayiş olunub.