Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə gerçəkləşən ölkə miqyaslı qastrol proqramı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Mingəçevir şəhərinə səfər edib.

Martın 28-də teatrın truppası Mingəçevir Dövlət Dram Teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını təqdim edib. Mingəçevirli sənətsevərlərin böyük marağına səbəb olan səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov da izləyib.

Tamaşada Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), həmçinin Əməkdar artistlər və digər solistlər – Cahangir Qurbanov, Tural Ağasıyev, Ələkbər Əliyev, Gülüstan Əliyeva və başqaları çıxış ediblər. Operetta teatrın simfonik orkestrinin canlı müşayiəti ilə nümayiş olunub.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, səhnə tərtibatçısı mərhum Xalq rəssamı Tahir Tahirov, xoreoqrafı Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysterləri Nüşabə İsa, Roza Səlimova və Tofiq Şıxıyevdir.

Qastrol səfərinin ikinci günü, martın 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə konsert proqramı keçiriləcək. Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Tural Ağasıyev, Taleh Yahyayev, Gülzar Fərəcova, Atəş Qarayev, Səma Həmzəyeva, eləcə də Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış edəcəklər. Proqrama Azərbaycan klassik və milli musiqisindən seçilmiş nümunələr daxildir.