Milli Kitabxanada “27 mart – Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub.

Sərgidə dünya teatr tarixi, teatr mədəniyyəti, Azərbaycanda teatr tarixi,inkişaf yolu, Azərbaycan və dünya dramaturqlarının əsərləri, aktyorluq sənəti, teatr nəzəriyyəsi və tənqidi və s. mövzularda Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş olunur.

27 mart – Beynəlxalq Teatr Günü 1961-ci ildə teatr sənətinin inkişafına dəstək vermək, onun cəmiyyətdəki rolunu vurğulamaq və müxtəlif xalqlar arasında mədəni əlaqələri gücləndirmək məqsədilə UNESCO nəzdindəki Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib.

Teatr insanın duyğularını, düşüncələrini və həyat həqiqətlərini səhnə vasitəsilə ifadə edən ən qədim incəsənət növlərindən biridir. Səhnədə nümayiş olunan əsərlər tamaşaçıları düşündürür, onları müxtəlif talelərlə tanış edir və həyatın müxtəlif tərəflərini anlamağa kömək edir. Teatr eyni zamanda cəmiyyətin problemlərini işıqlandırır və insanları daha həssas, daha anlayışlı olmağa çağırır.

Azərbaycanda teatr sənətinin zəngin tarixi var. Milli peşəkar teatrın əsası 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının nümayişi ilə qoyulub.