Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri zamanı ölkənin aparıcı elm və mədəniyyət ocaqlarından sayılan Milli Seçeni Kitabxanası (National Széchényi Library) ilə tanış olub.

Bu barədə Azərbaycan Milli Kitabxanadan məlumat verilib.

Milli Seçeni Kitabxanası Macarıstanın əsas milli yaddaş mərkəzi olmaqla, ölkənin çap irsinin toplanması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır. Kitabxananın fondlarında milyonlarla nüsxə kitab, əlyazma, xəritə və digər nadir materiallar saxlanılır.

Azərbaycan Milli Kitabxanası ilə Seçeni Milli Kitabxanası arasında 2022-ci ildə əməkdaşlıq memorandumu imzalanıb.

Kitabxananın fəaliyyəti ilə tanışlıq zamanı gələcək əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi də aparılıb. İnformasiya mübadiləsinin gücləndirilməsi, oxucular üçün yeni xidmət modellərinin tətbiqi və müasir texnologiyaların kitabxana fəaliyyətinə inteqrasiyası kimi məsələlər diqqət mərkəzində olub. Gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı ortaq niyyət ifadə edilib.

Professor Kərim Tahirov səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, martın 24-də Milli Seçeni Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.