Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı Türkiyənin Samsun şəhərində festivalda iştirak edib. 

Yaradıcı kollektiv 23-31 mart tarixlərində keçirilən 8-ci Samsun Beynəlxalq Teatr Festivalında Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.

Teatrdan verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı Səyyad Bayramovdur. Musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.

Obrazları Xalq artisti Yasəmən Ramazanova, gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.

Uğurla nümayiş olunan tamaşa böyük maraqla qarşılanıb.

Sonda festivalın təşkilatçıları tərəfindən kollektivə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.