Martın 26-da “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlanıb.

Heyətə 37 ölkədən 79 nəfər səyyah daxildir. Bu, sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların ən böyük qrupudur.

“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harri Mitsidis bu 1301 bölgənin hamısında olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

***

Beynəlxalq səyyahlar budəfəki səfəri Ağdamdan başlanıb. Əvvəlcə Ağdam şəhər Cümə məscidi ilə tanışlıq olub. Məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid, digər tarixi-dini abidələr kimi, erməni işğalı dövründə vandalizmə məruz qalıb. Işğaldan sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Xarici səyyahlar sonra Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olublar. Məlumat verilib ki, muzeyin binası işğal dövründə ermənilər tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci hesab edilən bu muzeydə taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən bəhs edən müxtəlif dəyərli nümunələr olub.

Səfər zamanı səyyahlar Ağdam şəhərinin dağıntılarına və yeni inşa olunan yaşayış binalarına da baxıblar. Onlara Ağdam işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.

***

Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialı ilə tanış olublar. Onlara Xocalı faciəsi haqqında məlumat verilib.

Bildirilib ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

2026-cı ildə açılışı keçirilən Xocalı Soyqırımı Memorialı faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.