Lənkəran Dövlət Dram Teatrı yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” tamaşası ilə qonşu şəhər-rayonlara qastrola çıxıb.

Yaradıcı kollektivin Novruz bayramı ərəfəsində, martın 18-də repertuarının yeni tamaşasını Biləsuvar rayonunda nümayiş etdirməsi barədə xəbər vermişdik.

Martın 16-da isə Lənkəran Dövlət Dram Teatrı Şirvan şəhərində və Hacıqabul rayonunda olub.

Qeyd edək ki, tamaşaya Lənkəran teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova quruluş verib. Quruluşçu rəssam Fuad Hüseynov, rəssam Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.

Tamaşada Gülər Kərimova (Fənayə), Şəbnəm Hüseynova (Rahibə), Aynur Əhmədova (Zinayə), Elçin Hacıyev (Qadir), Saleh Əzimzadə (Haris), Səyad Əliyev (Fədai), Aysel Babazadə (Rufa), Nuranə Nəcəfova (Sadiqə), Günel Bağırova, Elvin Məmmədov (pantomima) iştirak edirlər.

Səhnə əsəri Şirvan şəhəri və Hacıqabul rayonunun sənətsevərləri tərəfindən maraqla qarşılanıb.

Sonda yaradıcı kollektiv göstərilən diqqət və dəstəyə görə yerli icra hakimiyyətlərinə və tamaşaçılara minnətdarlığını ifadə edib.