Tarixdəki olaylar
24 mart 1801 – Rusiya imperiyasında növbəti saray çevrilişi olub. Çar I Pavel oğlu Aleksandrın razılığı ilə qətlə yetirilib. Rusiya taxt-tacında I Aleksandrın 24 illik çarlığı başlanıb.
24 mart 1988 – Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” Qərar qəbul edib. Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. Respublika rəhbərliyi Moskvanın bu qərarına etiraz etməmişdi.
24 mart 1990 – Azərbaycanın Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri Ermənistan silahlı dəstələrinin hücumuna məruz qalıb. Bağanis Ayrım kəndində yeddi dinc sakin qətlə yetirilib. Həmin günlərdə rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm kəndlərində onlarla sakin öldürülüb və yaralanıb.
24 mart 1992 – ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə (Finlandiya) keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk şəhərində (Belarus) konfrans keçirmək barədə qərar qəbul edilib. Sonrakı müddətdə konfrans çağırılmadı, vasitəçilik təsisatı kimi formalaşan ATƏT-in Minsk Qrupu isə heç nəyə nail olmadı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 mart 1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər” və s. əsərləri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
24 mart 1879 – Türk şairi və məşhur ney ifaçısı Tevfik Kolaylı (Neyzen Tevfik; 1879 – 28.1.1953) Bodrumda (Muğla) doğulub.
24 mart 1926 – İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1997) Dario Fo (1926 – 13.10.2016) anadan olub.
24 mart 1927 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda doğulub. Lənkəran Dram Teatrının ilk bədii rəhbəri və direktoru olub.
24 mart 1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib. Filmlərdə yaddaqalan obrazlar yaradıb. Rejissor kimi “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmini (1985) çəkib.
Hazırladı: Vüqar Orxan























