M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Konsertdə dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edib.
Klassik və müasir musiqinin incilərini bir araya gətirərək, gənc və istedadlı ifaçıların sənətini nümayiş etdirmək məqsədi daşıyan proqramın ilk hissəsində solist Elçin Məmmədov (piano) dahi alman bəstəkarı Yohann Sebastian Baxın (1685–1750) piano və orkestr üçün 5 nömrəli konsertini (f-moll) səsləndirib.
Proqramın davamında XX əsr musiqisinin parlaq simalarından Alfred Şnitkenin (1934–1998) piano və simlilər üçün konserti (op.136) ifa olunub. Solist Nərgiz Kəngərli öz interpretasiyası ilə dinləyicilərə dərin emosional təsir bəxş edib.
Qeyd edək ki, bir neçə ildir həyata keçirilən “Yeni adlar” layihəsi gənc ifaçıların səhnə təcrübəsinin artırılması və onların geniş auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
























