Martın 17-də Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın fərdi sərgisi açılıb.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq bildirib ki, muzey hər zaman rəssamlara dəstək olmağa çalışır. Qeyd edib ki, sərginin müəllifi Nigar Əliyeva gənc olmasına baxmayaraq, artıq 10 ildən çoxdur sənət yolunda uğurla fəaliyyət göstərir, təkcə ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da tanınır. O, əsərlərində Azərbaycanın milli irsini, milli yaddaşını və mədəni dəyərlərini bədii şəkildə ifadə etməyi bacaran rəssamlardandır.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, rəssamın yaradıcılığında İrəvan üslubu özünəməxsus və uğurlu bədii yanaşma ilə təqdim olunur. Novruz bayramının önəminə toxunan nazir müavini deyib ki, bu, təkcə bayram deyil, eyni zamanda keçmişlə gələcək arasında mənəvi körpü yaradan, insanlarda ümid və inam hissini gücləndirən müqəddəs dəyərdir.
Daha sonra çıxış edən Nigar Əliyeva bildirib ki, layihə üzərində Vəsilə Əkbərova ilə birlikdə çalışıblar və təxminən iki il ərzində bu kolleksiyanı ərsəyə gətiriblər. Qeyd edib ki, bu müddət ərzində milli irsimizi yenidən araşdırmağa, ərsəyə gətirdiyi əsərlərdə xüsusilə gənc nəslə Azərbaycan irsini daha yaxından tanıtmağa səy göstərib: “Əsərlərimdə müxtəlif mövzulara yer vermişəm. Xüsusilə milli mətbəximiz, bölgə mətbəxi, İrəvan xanlığının və xan sarayının mətbəx mədəniyyəti, eləcə də mahalların bir-birindən fərqlənən, təbiətlə sıx bağlı və olduqca zəngin yemək ənənələri öz əksini tapıb”.
Rəssam onu da diqqətə çatdırıb ki, sərgidə 70-dən çox əsər nümayiş etdirilir. Bütün əsərlər kətan üzərində yağlı boya ilə işlənib: “Sərgidə təqdim olunan əsərlər sadəcə təxəyyülün nəticəsi deyil. Yaradıcılıq prosesində müxtəlif muzeylərin eksponatlarından istifadə olunub. Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin, İncəsənət Muzeyinin və Tarix Muzeyinin eksponatlarına əsaslanan təsvirlərlə tanış olmaq mümkündür”.
Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları əsərlərlə tanış olublar.
Sərgidə müəllifin 2024–2026-cı illərdə kətan üzərində yağlı boya ilə yaratdığı əsərləri təqdim olunub. Rəssam əl işlərində milli mətbəxə, xalq tətbiqi sənətinin zərgərlik, toxuculuq, tikmə, bədii metal, soyuq silah, geyim və digər nümunələrinə müraciət edib. Kompozisiyalarda klassik Azərbaycan rəssamlıq ənənələrinə xas ornamental və bədii elementlərdən, xüsusilə Mirzə Qədim İrəvani üslubunun incəliklərindən məharətlə istifadə olunub.
Qeyd edək ki, Nigar Əliyevanın əsərləri indiyədək ABŞ, Pakistan, Gürcüstan və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş olunub.
Azərbaycan Milli Xalça Muzeyi və “Arts Council Azerbaijan”ın birgə təşkil etdiyi sərgi martın 31-dək davam edəcək.

























