Ötən ilin dekabrında təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş yeni binasında fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrı Novruz bayramı günlərində balaca tamaşaçıları sevindirəcək.
Teatrdan verillən məlumata görə, martın 18-dən 21-dək dramaturq Şəbnəm Xeyrullanın "Bahar niyə küsüb?" pyesi əsasında quruluşçu rejissor İlhamə Əhmədova tərəfindən hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
İnteraktiv bayram oyunu janrında hazırlanmış səhnə əsəri həm azyaşlıları əyləndirmək, həm də təbiəti sevməyi, qorumağı öyrətmək məqsədi daşıyır. Azərbaycan və digər türkdilli xalqların folklor qəhrəmanlarının, təbiət ünsürlərinin yer aldığı bayram tamaşası həmrəylik, dostluq, təbiətə qayğı ismarışları daşıyır.
Tamaşada teatrın aktyorları Əmrulla Nurullayev, Anar Həşimov, Samir Əliyev, Cavid Babayev, Pərvin Dadaşova, Xədicə Məmmədova, Güney Əliyeva, Ramilə Abasova, Sevinc Hüseynova Bəxtiyar, Müdvər Nemətova, Zəki Fətəliyev iştirak edirlər.
Tamaşanın rəssamı Şəmsiyyə Şükürova, musiqi tərtibatçısı İmaməli İmaməliyevdir.
Biletləri teatrın kassasından əldə etmək mümkündür.





















