Dünya kinosunun səbirsizliklə gözlənilən mərasimi – Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının sayca 98-ci təqdimatı keçirilib.
Martın 16-na keçən gecə Los-Anceles şəhərindəki ənənəvi məkanda – “Dolby Theatre”da gerçəkləşən mərasimdə ən çox “Oskar” heykəlciyi toplayan Paul Tomas Andersonun “Ard-arda döyüşlər” (“One Battle After Another”) filminin komandası olub.
“Ard-arda döyüşlər” 2026-cı il “Oskar” mərasimində “Ən yaxşı film” elan edilib. Paul Tomas Anderson isə “Ən yaxşı rejissor” heykəlciyini qazanıb. Filmin yaradıcıları daha 4 nominasiyada mükafatı almaq üçün səhnəyə çıxıblar.
Yanvar ayında Los-Ancelesdə keçirilən 83-cü “Qızıl qlobus” ("Golden Globe Award"; Amerika kino aləminin “Oskar”dan sonra ikinci nüfuzlu mükafatı) gecəsində “Ard-arda döyüşlər” filmi 4 nominasiyada fərqlənmişdi.
"Oskar" mərasimi öncəsi favorit sayılan və 12 nominasiyada namizəd göstərilən “Günahkarlar” (“Qan və günahkarlar” – “Blood&Sinners”, rejissor Rayan Kouqler – Ryan Coogler) isə ümidləri doğrultmayıb və dörd heykəlciklə kifayətlənib.
“Ən yaxşı xarici film” (qeyri-ingilis dilində təqdim olunan) nominasiyasında "Sentimental dəyər" adlı Norveç filmi (rejissor Yoakim Trier) “Oskar” qazanıb.
***
98-ci “Oskar” mükafatlarının qalibləri:
Ən yaxşı film: “Ard-arda Döyüşlər” (One Battle After Another);
Ən yaxşı rejissor: Paul Tomas Anderson – “Ard-arda döyüşlər” (One Battle After Another);
Ən yaxşı aktyor: Maykl B. Cordan – “Günahkarlar” (Sinners);
Ən yaxşı aktrisa: Cesi Bakli – “Hamnet” (Hamnet);
Ən yaxşı köməkçi kişi rolu: Şon Penn – “Ard-arda döyüşlər” (One Battle After Another);
Ən yaxşı köməkçi qadın rolu: Eymi Medicn – “Silahlar” (Weapons);
Ən yaxşı orijinal ssenari: Rayan Kouqler – “Günahkarlar” (Sinners);
Ən yaxşı uyğunlaşdırılmış ssenari: Paul Tomas Anderson – “Ard-arda döyüşlər” (One Battle After Another);
Ən yaxşı operator işi: Autum Durald Arkapau – “Günahkarlar” (Sinners);
Ən yaxşı montaj: Endi Yurqensen – “Ard-arda döyüşlər” (One Battle After Another);
Ən yaxşı kostyum dizaynı: “Frankenşteyn” (Frankenstein);
Ən yaxşı makiyaj və saç düzümü: “Frankenşteyn” (Frankenstein);
Ən yaxşı səs: F1;
Ən yaxşı vizual effektlər: “Avatar: Od və kül” (Avatar: Fire and Ash);
Ən yaxşı orijinal film musiqisi: Ludviq Göransson – “Günahkarlar” (Sinners);
Ən yaxşı animasiya filmi: “K-pop cin ovçuları” (KPop Demon Hunters);
Ən yaxşı qısametrajlı animasiya filmi: “İncilərə ağlayan qız” (The Girl Who Cried Pearls);
Ən yaxşı tammetrajlı sənədli film: “Cənab Heç kim Putinə qarşı” (Mr. Nobody Against Putin);
Ən yaxşı qısametrajlı sənədli film: “Bütün boş otaqlar” (All the Empty Rooms).
***
Xatırladaq ki, ötən il – “Oskar 2025” gecəsində amerikalı rejissor Şon Beykerin “Anora” filmi 5 heykəlcik qazanmışdı. İnişilki mərasimdə – “Oskar 2024” isə britaniyalı rejissor Kristofer Nolan və “Oppenheimer” komandası 8 dəfə mükafat üçün səhnəyə çıxmışdı.
Vüqar Orxan























