Prezident İlham Əliyev martın 16-da “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncamla XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.

Qeyd edək ki, dövlət başçısı 2025-ci ilin 22 may tarixində "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən bu məqsədlə Naxçıvan MR Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat ayrılıb.

2025-ci ilin avqust ayında Naxçıvan MR Mədəniyyət Nazirliyi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərin başlanması barədə məlumat yayıb.

Abidədə bərpa-konservasiya işlərini Avstriyanın “Atelier Erich Pummer GMBh” şirkəti aparır. Naxçıvan MR Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GMBH” arasında müvafiq müqavilə 2024-cü ildə bağlanıb.

Sözügedən şirkət indiyədək Azərbaycanda bir sıra layihələrdə fəaliyyət göstərib, o cümlədən Bakıda – İçərişəhərdə Qız qalası, Şirvanşahlar sarayı, Buxara və Multanı karvansaraları kimi tarixi abidələrin bərpa-konservasiya işlərini yerinə yetirib.

2025-ci ilin sentyabrında şirkətin rəhbəri Erik Pumer və işçi qrup Naxçıvana gəlib, türbənin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.

Xatırladaq ki, türbə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatunun qəbri üzərində inşa edilib. Tikintisi 1186-cı ildə başa çatdırılan abidə xalqın yaddaşında “Atabəy günbəzi” adı ilə də qalıb.

Möminə xatun türbəsi Azərbaycandan UNESCO-nun Dünya İrsi Siyahısına təqdim edilməsi üçün nəzərdən keçirilən abidələrdən biridir. 2003-cü ildə abidədə əsaslı bərpa işləri aparılıb.

2011-ci ildə Azərbaycanda elan edilən “Turizm İli”nin Tədbirlər Planında Naxçıvan MR-də mövcud olan türbələrin UNESCO siyahısına daxil edilməsi ilə bağlı işlərin görülməsi də əksini tapmışdı.

Lakin sonradan türbəyə baxış keçirən mütəxəssislər orada aparılmış bərpa işlərinin abidənin tarixiliyinə xələl gətirdiyini bildiriblər. Qeyd edilib ki, abidə bu şəkildə UNESCO siyahısına təqdim edilə bilməz.

Naxçıvan MR Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu dəfə abidə tarixiliyi qorunub saxlanılmaqla, ilkin formaya uyğun bərpa ediləcək.