Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində xüsusi təqvim hazırlanıb.

Kitabxananın saytında (https://www.ryl.az/our-activity/sehersalma-ve-memarliq-ili-teqvimi) yerləşdirilən elektron təqvimdə ölkəmizin memarlıq inciləri haqqında məlumat və fotomateriallar yer alır.

Təqvimin hazırlanmasında əsas məqsəd Azərbaycanın memarlıq irsinin tanıdılması, gənc nəslin milli-mədəni dəyərlərə marağının artırılması, həmçinin ölkəmizin qədim və müasir memarlıq nümunələrinin təbliğidir. Bu təşəbbüs vasitəsilə oxuculara Azərbaycanın memarlıq ənənələrinin tarixi inkişaf yolu və bu sahədə əldə olunan nailiyyətlər haqqında məlumat təqdim olunur.

Təqvimdə Azərbaycan Prezidenti İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli” haqqında 22 dekabr 2025-ci il tarixli Sərəncamının tam mətni yer alır. Görkəmli memar Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm abidələrdən biri olan Möminə Xatun türbəsi haqqında məlumat verilir. Bundan əlavə, təqvimdə ölkəmizin tarixində mühüm yer tutan memarlıq nümunələri – Xudafərin körpüsü, Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah məbədi və Şəki Xan Sarayı kimi tarixi abidələrdən bəhs olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Bakının müasir memarlıq simasını əks etdirən tikililər – Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Ağ Şəhər layihəsinə də yer verilib. Ölkəmizin tarixi-mədəni irsinin mühüm nümunələrindən sayılan Şuşa qalası və Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzinə çevrilmiş Zəfər abidəsi (Bakı) haqqında da məlumatlar oxuculara təqdim edilir.

Təqvim Azərbaycanın zəngin memarlıq irsini və müasir şəhərsalma nailiyyətlərini əks etdirən mühüm material kimi oxucular üçün dəyərli məlumat mənbəyi olmaqla yanaşı, milli-mədəni irsin təbliğinə də töhfədir.