F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihənin ilk işarət dili təlimi keçirilib. Təlimdə tələbə-gənclər, kitabxana əməkdaşları iştirak ediblər.
Təlimi tərcüməçi və təlimçilər Şamil Sabirzadə və Könül Quliyeva aparıblar. İştirakçılara işarət dilinin yaranma tarixi, inkişaf mərhələləri və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, işarət dili eşitmə məhdudiyyətli insanların əsas ünsiyyət vasitələrindən biri olmaqla yanaşı, özünəməxsus qrammatikası və strukturu olan müstəqil bir dildir. İşarət dili üç əsas hissədən ibarətdir: daktil (barmaq əlifbası), mimika və dodaq oxuma. Bu elementlərin birlikdə istifadəsi ünsiyyəti daha aydın və anlaşıqlı edir.
İştirakçılara işarət dilində bəzi əsas söz və ifadələr, gündəlik ünsiyyətdə istifadə olunan jestlər praktiki şəkildə nümayiş etdirilib. İştirakçılar təlimçilərin rəhbərliyi ilə müxtəlif söz və ifadələri işarə dili vasitəsilə ifadə etməyə çalışaraq praktiki məşğələlərdə iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd işarət dili haqqında məlumatlılığı artırmaq, eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir.
Təlimdə iştirak edənlərə sertifikatlar təqdim edilib.






















