Novruz Azərbaycan xalqının qədim və zəngin mənəvi dəyərlərini yaşadan bayramdır. Yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edən bayramı hər il xalqımız ruh yüksəkliyi ilə qarşılayır və təntənə ilə qeyd edir.
Martın 12-də Ağstafa rayon İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib.
Bu barədə “Keşikçidağ” qoruğundan məlumat verilib.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun informasiya mərkəzində təşkil edilən tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrinin qorunması və təbliği, Novruzun dəyərlərinin gənc nəsilə çatdırılması, həmçinin Keşikçidağ mağaralar kompleksində yerləşən tarixi və mədəni irs nümunələrinin tanıdılmasıdır.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, “Ağstafa Gənclər Evi” və “Qazax Gənclər Evi” sosial xidmət müəssisələrinin əməkdaşları, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi, şəhid ailələri və qazilər, rayon ziyalıları və gənc könüllülər iştirak ediblər.
Şənlik qara zurna və nağaranın sədaları altında Novuzun personajları olan Kosa və Keçəlin, milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə meydana gəlişi ilə başlanıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açılış sözündə iştirakçılara bayram təbriki söyləyib.
“Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.
Dədə Qorqudun dilindən ibrətamiz sözlər səsləndirilib, qonaqlar Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları, xalçalar və saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olublar.
Alaçıq qədim türk etnogenezinin formalaşdığı köçəri məişət ənənələrinin və çöl mədəniyyətinin canlı nümunəsi kimi qurularaq təqdim edilib. Alaçığın konstruksiyası və daxili quruluşu türk tayfalarının təbiətə uyğunlaşma bacarığını, həmçinin ailə və məişət münasibətlərini əks etdirən mühüm etnoqrafik xüsusiyyətləri özündə birləşdirir. Bu yaşayış forması türk etnogenezinin formalaşdığı mühitin, köçəri həyat tərzinin və qədim türk mədəni ənənələrinin günümüzə qədər qorunub saxlanılan simvollarından biridir. Onun daxilində xalçalar, kilimlər və qədim məişət əşyaları yerləşdirilərək köçəri ailələrin yaşayış mühiti canlandırılıb. Alaçığın ətrafı isə Novruz atributları ilə bəzədilib.
Xalq oyunları, gənc qızların bayatı və haxışta söyləməsi, milli musiqi və rəqslər nömrələri şənliyi daha da rövnəqləndirib.
Qonaqlara milli mətbəximizin təamlarından paxlava, şəkərbura, qoğal, göy kətəsi təqdim edilib.
Tədbir çərçivəsində qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Zəfər bağı”nda şəhid ailələri və qazilərin iştirakı ilə badam tingləri əkilib.



























