Xəbər verdiyimiz kimi, 10 mart – Milli Teatr Günü münasibətilə Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən təntənəli mərasimdə ATXİ-nin mükafatlarının təqdimatı da olub.

***

“İlin ən yaxşı tamaşası” nominasiyası üzrə “Qızıl Dərviş” mükafatına Şəki Dövlət Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin pyesi əsasında hazırlanmış “Dar ağacı” tamaşası layiq görülüb. Mükafat ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov tərəfindən tamaşanın quruluşçu rejissoru, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən  Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə təqdim olunub. Teatrdan verilən məlumata görə, mərasimdə baş rolun (Akşin) ifaçısı Xəyal Salahov və tamaşanın quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov da iştirak ediblər.

***

Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Rauf Ağakişiyev teatrda səhnələşdirilən Georgi Xuqayevin "Varlı ev” tamaşasında canlandırdığı Beçir obrazına görə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

***

Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zəminə Cəfərova isə "Kukaraça" tamaşasında yaratdığı Marqo obrazına ATXİ-nin "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Teatrdan bildirilib ki, Nodar Dumbadzenin eyniadlı əsəri əsasında Azərbaycan və Gürcüstan teatrlarının birgə layihəsi olaraq hazırlanan "Kukaraça" tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi Vasili Çikokidze, layihənin rəhbəri Azərbaycan Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Yusif Cəfərovdur.

***

Əlavə edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızılgül” mükafatı bu il Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Şükufə Yusupovaya təqdim edilib.