Martın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə görüşüb.

Görüşdə 12-14 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Nazir Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib.

Tərəflər Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal səviyyədə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində qurulmuş tərəfdaşlığın möhkəmləndiyini qeyd ediblər və bu ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək VII Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların gedişatını müzakirə ediblər.
 
Xatırladaq ki, bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib. Dünya gündəminin aktual mövzularının müzakirə olunduğu Qlobal Bakı Forumu isə 2013-cü ildən keçirilir. XIII forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.