M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 10 mart – Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Teatrdan verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirə sənət adamları, qonaqlar, balaca teatrsevərlər, o cümlədən valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlar, xüsusi qayğıya ehtiyacı olan ailələrin övladları qatılıb.

Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov iştirakçıları salamlayaraq Milli Teatr Günü münasibətilə hər kəsi təbrik edib. Azərbaycan teatrının zəngin ənənələrindən danışan direktor teatr sənətinin cəmiyyətin mənəvi həyatında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, kukla teatrı xüsusilə uşaqların dünyagörüşünün formalaşmasında, onların estetik tərbiyəsində və milli dəyərlərə bağlılığının gücləndirilməsində əhəmiyyət kəsb edir.

Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli də belə tədbirlərin uşaqların sosial və mədəni inkişafı baxımından önəmini qeyd edib. O, uşaqların teatra cəlb olunmasının onların asudə vaxtlarının səmərəli təşkili və mədəni mühitə inteqrasiyası üçün vacib olduğunu bildirib.

Tədbirin bədii hissəsində Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşası nümayiş olunub.

Rəngarəng səhnə tərtibatı və maraqlı kukla obrazları ilə təqdim olunan tamaşa böyük maraq və alqışlarla qarşılanıb.