Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bölgələrdə milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişlərini davam etdirir. Layihə çərçivəsində Azərbaycanın müasir rejissorlarının bədii və sənədli filmləri nümayiş olunur.
AKİ-dən bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri 11-13 mart tarixlərində Gəncə şəhərində keçirilir.
"Gəncədə kino günləri"nin proqramına rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri daxildir.
Təşəbbüsün əsas məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə yaxından tanış olmasına şərait yaratmaq, kino mədəniyyətini regionlarda canlandırmaq və gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları tədbiri daha da canlı edir.
Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri” və s. təşkil olunub.



















