Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam oldu. Mədəniyyət təqvimimizdə mühüm yeri olan Milli Teatr Günü 2013-cü ildən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə xüsusilə geniş miqyasda qeyd edilir. Bu il Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən sənət bayramına Türk dünyasının teatr xadimləri də qatılıb.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanın və qardaş ölkələrin teatr təmsilçiləri ilə görüşüb.

Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, AXTİ-nin sədri Xalq artisti Hacı İsmayılov, Özbəkistanın Xalq artisti Yodqar Sağdiyev, M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrının direktoru Erkin Juasbek, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrlarının bədii rəhbəri Ayşəgül İşsever iştirak ediblər.

Nazir Azərbaycanın Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə teatr sənətinin inkişaf yolundan söz açıb. Qeyd olunub ki, 153 yaşlı Azərbaycan teatrı tarixin müxtəlif mərhələlərində qonşu və dost ölkələrin də sənət mühitinin formalaşmasına öz töhfəsini verib.

Adil Kərimli diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də inkişafına yüksək diqqət və qayğı göstərilir.

Söhbət zamanı Türk dünyasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin, birgə festival və müsabiqələrin təşkili, təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.