Sumqayıt Dövlət Dram Teatrı 10 mart - Milli Teatr Gününü yeni səhnə əsərinin premyerası ilə qeyd edib. Tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında hazırlanan “Sonuncu qonaq” tamaşası nümayiş olunub.
Teatrdan bildirilib ki, premyerada şəhər rəsmiləri də iştirak ediblər.
Yeni səhnə əsərinə uzun illər Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmiş Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimov quruluş verib. Quruluşçu rəssam Nizami Dadaşev, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu Kamil Ağazadədir.
Tamaşada baş rolu Xalq artisti Valeh Kərimov oynayır. Sənətkar uzun fasilədən sonra Sumqayıt teatrında səhnəyə çıxıb.
Səhnə əsərində həmçinin Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alıblar.
“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində 91 yaşlı qoca Əlməndər dayanır. Həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər bir gün gözlənilməz qonaq - Əzraillə üz-üzə qalır.
Tamaşa boyunca həyat və ölüm, insanın iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir.
Nümayişdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək kollektivə Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb. Milli Teatr Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştiraka görə teatrın bir qrup əməkdaşına İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
























