“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında söz və saz sənətinin böyük ustadı Aşıq Ələsgərin (1821-1926) vəfatının 100-cü ildönümü münasibətilə xatirə gecəsi keçirilib.
Tədbirin aparıcı, şair-publisist Əkbər Qoşalı görüşün Azərbaycan saz və söz mədəniyyətinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgər irsinə ehtiramın ifadəsi olduğunu söyləyib. Qeyd edib ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan zəngin və qiymətli mədəni xəzinədir.
"Dədə Ələsgər Ocağı" İB-nin sədri Xətai Ələsgərli ustad sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək böyük ozanın saz və söz sənətində tutduğu mövqedən bəhs edib. Bildirilib ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə aşıq sənətinin ən yüksək zirvəsini fəth edib, sözün hikmətini və sazın qüdrətini xalqın mənəvi yaddaşında əbədi yaşadan nadir sənətkarlardan biri kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Aşıq Ələsgərin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, ustad sənətkarın söz dünyası Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi düşüncəsini və həyat fəlsəfəsini özündə əks etdirən zəngin bir irsdir.
Konsert proqramında Azərbaycan aşıq və muğam sənətinin tanınmış nümayəndələri çıxış ediblər.

























