Tarixdəki olaylar

 

10 mart 1735 – Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və rus ordusundan knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, ruslar Xəzəryanı Azərbaycan torpaqlarını (Dərbənd, Bakı, Salyan) tərk edib. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürüb.

 

10 mart 1873 – Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla Azərbaycan peşəkar milli teatrının əsası qoyulub və bu tarix Milli Teatr Günü kimi qeyd olunur. 2013-cü ildə Prezident İlham Əliyev Milli Teatr Günü haqqında xüsusi sərəncam imzalayıb.

 

10 mart 1920 – Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Prezident İlham Əliyevin sərəncamı (7 aprel 2008-ci il) ilə 10 mart ölkəmizdə “Qızıl Aypara Günü” kimi qeyd olunur.

 

10 mart 1948 – SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. İlk qərar 1947-ci il dekabrın 23-də verilmişdi. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idi. Azərbaycanın rəhbəri M.Bağırovun SSRİ rəhbəri Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldılmışdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

10 mart 1772 – Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel; 1772 – 12.1.1829) anadan olub.

 

10 mart 1878 – Böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (30.6.1812 – 1878) Tiflisdə vəfat edib. Mirzə Fətəli 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

 

10 mart 1915 – İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 – 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra Dövlət Opera və Balet Teatrının baş baletmeysteri (1953–1972) olub, Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.

 

10 mart 1940 – Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (1940 – 22.10.2021) Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

 

10 mart 2004 – Xalq artisti, məşhur aktrisa Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 – 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə (“Ögey ana”, “Ulduz”, “Qayınana” və s.) maraqlı obrazlar yaradıb.

 

10 mart 2021 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (12.11.1942 – 2021) vəfat edib. Əsərləri xaricdə nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

 

Hazırladı: Vüqar Orxan