Tarixdəki olaylar
9 mart 1917 – Rusiyanın Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Canişinliyin əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb. Çar II Nikolayın taxt-tacdan əl çəkməsindən (1917-ci ilin Fevral inqilabı) sonra Müvəqqəti Hökumət imperiyanın əyalətlərində nisbətən demokratik üsul-idarə tətbiq etməklə mərkəzdənqaçma meyllərini önləməyə çalışırdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
9 mart 1814 – Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 – 10.3.1861) anadan olub.
9 mart 1893 (bəzi mənbələrdə 12 dekabr) – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 – 16.11.1938) Şamaxıda doğulub. Azərbaycan milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilərək güllələnib.
9 mart 1915 – Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915 – 15.1.1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. Filmlərdə (“Kəndlilər”, “Fətəli xan”) geyim rəssamı işləyib.
9 mart 1929 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (1929 – 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
9 mart 1934 – Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 – 15.9.2015) anadan olub. Azərbaycanda “Tütək səsi” filmində çəkilib.
9 mart 1952 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əhməd Haşım oğlu Qəmərli (Məlikov; 1880–1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb. “İsmət” (1934), “Almaz” (1936) və s. filmlərdə çəkilib. Kiçik pyeslər yazıb.
Hazırladı: Vüqar Orxan























