Azərbaycan Dövlət Yuğ Teatrının yeni səhnə əsərinə – A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan “Birinci akt” tamaşasına daxili baxış keçirilib.
Bu barədə teatrdan məlumat verilib.
Tamaşaya Mədəniyyət Nazirliyi İncəsənət siyasəti şöbəsinin ifa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və teatrın Bədii şurasının üzvləri baxıblar.
Baxışdan sonra Bədii şura üzvlərinin və kollektivin iştirakı ilə geniş müzakirə keçirilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul olunub.
Səhnə əsərinin premyerası martın 12-də olacaq.
“Birinci akt” Yuğ teatrının banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi sonuncu tamaşalardandır. Teatrın kollektivi 2009-cu ildə səhnələşdirilən tamaşanı rejissorun xatirəsinə ehtiram əlaməti olaraq bərpa edib.
Janrı futuroloji aksiya kimi təyin edilən səhnə əsərində Təranə Ocaqverdiyeva, Nigar Mürsəl, Ləman Mərrih, Amid Qasımov, Elgün Həmidov, Əbdülqəni Əliyev, Elşən Əsgərov və digər aktyorlar iştirak edirlər.























