Əsrlər boyu qadın yaradıcı insanların ilham mənbəyi olub. Onun haqqında şeirlər yazılıb, ona musiqilər həsr edilib, obrazı möhtəşəm sənət əsərlərinə ruh verib, dövrlərin estetikasını formalaşdırıb, gözəlliyin və sirrin rəmzinə çevrilib. Qadın yalnız ilham verən obraz deyil, həm də bədii reallığın formalaşmasında mühüm rol oynayan yaradıcı başlanğıcdır.

Paytaxtın yeni sənət məkanlarından olan, "Ağ şəhər"də fəaliyyət göstərən “D`ART Gallery” qadınların sirli dünyasını rəssamların gözü ilə bir daha kəşf etmək istəyənlər üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Muza” adlı qrup sərgisi təşkil edib.

Martın 6-da açılışı keçirilən sərgi müxtəlif nəsillərə aid Azərbaycan rəssamlarının yaradıcılığını bir araya gətirərək qadın obrazının sənətdə çoxqatlı və dərin mənasını təqdim edir. Sərgi qadını həyatın, mədəniyyətin və yaradıcı enerjinin mənbəyi kimi təqdim edən konseptual yanaşmanı əks etdirir.

Qalereyadan verilən məlumata görə, layihə çərçivəsində 18 müəllifin 40 əsəri nümayiş olunur.

Ekspozisiyada Arif Hüseynov, Nazim Yunusov, Rəfail Əliyev, Zakir Əhmədov, Sənan Eynullayev, Yelena Haqverdiyeva, Vüqar Muradov, Rəşad Mehdiyev, Cəmilə Həşimova, Kamilla Eldarova, Vüqar Əli, Mir Azər Abdullayev, Diana Əliyeva, Emin Əsgərov, Fəxri Abbasov Tilimxanlı, Cavid Məmmədov, Könül İsmayılova və Nəzrin Xələfovanın əsərləri yer alıb.

“Muza” layihəsi qadını oyanış halı kimi təqdim edir. Bahar necə təbiətin yenilənməsi, oyanışı və çiçəklənməsidirsə, qadın da həyatın davamlılığını, yaradıcı enerjinin başlanğıcını və mənəvi dirçəlişi təcəssüm etdirir. O, təbiətin ritmi ilə səsləşən, varlığın daxili harmoniyasını daşıyan yaradıcı qüvvədir.

Sərginin açılış mərasimində “D’ART Gallery”nin təsisçisi və direktoru, sənətşünas Dilarə Müzəffərli, Xalq rəssamı Ömər Eldarov, Xalq rəssamı Arif Hüseynov, “LifeStyle Art” və “Car Georgia” jurnallarının təsisçisi art-prodüser Sofiko Dvalişvili çıxış edərək layihənin ideyası və qadın obrazının müasir incəsənətdə rolu haqqında fikirlərini bölüşüblər.

Sərgi martin 27-dək davam edəcək.