Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə mədəniyyət müəssisələrinin, rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramının müjdəçisi olan çərşənbələrdən ikincisi – Od çərşənbəsi qeyd olunub.
Yevlax şəhərindəki Dədə Qorqud parkında təşkil edilən şənliyə rəsmilər, idarə, müəssisə və təşkilatların kollektivi, ictimaiyyət nümayəndələri qatılıblar.
Qeyd edilib ki, Od çərşənbəsi Novruzu müjdələyən mərasimlərdən biri olmaqla, qədim inanclarda odun, istiliyin və işığın rəmzi hesab olunur. İnsanlar tonqal qalayaraq onun üzərindən tullanır, bununla da köhnə ilin çətinliklərini geridə qoyub yeni ilə saf niyyət və təmiz qəlblə qədəm qoyduqlarına inanırlar. Od çərşənbəsi birlik, bərəkət və yenilənmə rəmzi kimi qeyd olunur.
Tədbir mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Milli rəqslər, xalq mahnıları, folklor nümunələri və kompozisiyalar təqdim olunub.























