Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və Cənubi Azərbaycan poeziyasında mühüm yer tutmuş Xalq şairi Hökümə Billurinin (1926–2000) anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Hökümə Billurinin şeirləri, poemaları, tərcümələrindən ibarət kitablar, müxtəlif illərdə nəşr edilmiş toplular, həyat yaradıcılığından bəhs edən tədqiqat əsərləri, eləcə də ədibin zəngin ədəbi irsini, vətəndaş mövqeyini və ictimai fəaliyyətini əks etdirən materiallar yer alıb.

Qeyd edək ki, Hökümə Billuri şairə kimi yaradıcılığı ilə yanaşı, tərcümələri ilə də ədəbiyyat tariximizə töhfələr verib. O, M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.