Martın 1-də Sumqayıt Dövlət Dram Teatrında yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış “Gəlinlərin savaşı” tamaşasının premyerası keçirilib.

Teatrdan bildirilib ki, tamaşaya Sumqayıt ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri və teatrsevərlər baxıblar.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları Ümüd Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssamı Osman Salmanov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, rejissor assistenti Fazilə Rzayevadır.

Səhnə əsəri ailə münasibətlərinə yumor prizmasından yanaşaraq üç ərköyün gəlinlə sülhsevər qayınana arasındakı qarşıdurmanı əks etdirir. Gəlinlərin eqosu və qayınanaya qarşı sərt davranışları ailədə gərginlik yaradır. Lakin müdrik və təmkinli qayınana vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir.

Tamaşa aktual mövzunu komediya janrında təqdim etməklə tamaşaçılara həm düşündürücü, həm də əyləncəli səhnə həlli vəd edir.

Rollarda Əməkdar artist Fəranə Musayeva, aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Emil Həmidov çıxış ediblər.